Xalqına bağlı sənətkar...
Bakı, 1 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Xalqına bağlı sənətkar” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri kitabxananın əməkdaşı Gülzadə Quliyeva açaraq Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamı oxuyub.
Sonra Qazax Xeyriyyə İctimai Birliyinin fəxri sədri Vidadi Bayramov çıxış edərək İsmayıl Şıxlını oxucuların ən sevilən yazıçısı olduğunu deyib: “Dəli Kür” bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. İsmayıl Şıxlının yaradıcılığı Azərbaycanın, xalqımızın təbliğinə həsr olunub. O həmişə bizimlədir, xatirəmizdədir”.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verərək qeyd edib ki, İsmayıl Şıxlı adı çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. Onun qələmi ilə yaranmış bədii şəxsiyyətlər milyonlarla oxucu qəlbində, səhnələrdə, teleekranlarda yaşayır və həmişə yaşayacaq.
İsmayıl Şıxlının tələbəsi, filoloq Mehman Mayılxanlı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və şair Balayar Sadiq yazıçı barədə fikirlərini bölüşərək vurğulayıblar ki, o, xalqın minillik ruhunu əsərlərində əks etdirib.