Xalqlar arasında düşmənçilik toxumu səpən fikirlər yeni faciələrin yaranmasına səbəb olur
Moskva, 15 aprel, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Rusiyanın TASS Agentliyində keçirdiyi mətbuat konfransında uydurma “erməni soyqırımı”nın ildönümünün qeyd olunması məsələsinə münasibət bildirərək deyib ki, rəsmi Ankara bu tarixi hadisənin araşdırılmasını istəyən bütün tərəflərlə işləməyə hazırdır. O deyib: “1915-ci il dünya tarixinə faciəli hadisələrlə yazılıb. Bu dövrdə Birinci Dünya müharibəsinin çox böyük hissəsi Osmanlı torpaqlarında baş verib. Bu müharibədə 20 milyondan artıq insan həlak olub və onların arasında türklər, ermənilər, ruslar, almanlar, kürdlər və digər millətlərin nümayəndələri olub. Biz bu hadisələrin kədərini hamı ilə bölüşürük. Ancaq bütün bunları bir tərəfə buraxıb “acını yalnız ermənilər yaşadı” deyənlərin mövqeyi düzgün deyil”.
Türkiyə parlamentinin sədri vurğulayıb ki, tarixdə baş vermiş hadisələrdən siyasi məqsədlərlə istifadə edib düşmənçilik toxumu səpilməsi pis nəticələrə gətirib çıxara bilər. O, Avropa İttifaqının üzvü olan ölkələri misal çəkərək bildirib ki, onların bəziləri 100 illərlə müharibələr aparıblar. Hazırda onlar dostluq şəritində yaşayır və Avropanın dayağını təşkil edirlər. BMT-nin 1948-ci il tarixli Konvensiyasiyasında soyqırımını müəyyənləşdirən maddələr var. Odur ki, baş vermiş hadisələr ətraflı araşdırılmadan soyqırımı iddialarını irəli sürmək nə əxlaq, nə də hüquq normalarına uyğun deyil. Dünya ölkələrinin parlamentlərinin bu məsələyə münasibət bildirməsinin də səhv addım olduğunu vurğulayan C.Çiçəyin sözlərinə görə, parlamentlər cəza məhkəməsi deyil. Əgər parlament cəza alətinə çevrilərsə, hər bir ölkə siyasətini bəyənmədiyi digər ölkəni təqsirləndirə bilər. Din adamlarının xalqlar arasında ayrı-seçkiliyə və ədavətə gətirib çıxaran çıxışlarını pisləyən parlamentin sədri qeyd edib ki, onların qeyri-sülhpərvər mövqedən çıxış etməsi yolverilməzdir. “Ekstremizmin, irqçiliyin və ayrı-seçkiliyin yayıldığı bir vaxtda xalqlar arasında düşmənçilik toxumu səpən fikirlər yeni faciələrin yaranmasına səbəb olur, sülhə və çiçəklənməyə xidmət etmir”, - deyə C.Çiçək əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva