XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ XOCALI FACİƏSİ İLƏ BAĞLI XÜSUSİ BUKLET HAZIRLAMIŞDIR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində tədbir keçrilmişdir.
Xətai rayonu İcra hakimiyyətinin başçısı Razim Məmmədov bildirmişdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırımı aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır. Xocalı soyqırımı həm də bəşəriyyətə və insanlığa qarşı yönələn ən qəddar cinayətdir.
Tədbirdə qeyd edilmişdir ki, rayon icra hakimiyyəti tərəfindən Xocalı soyqırımı ilə bağlı xüsusi buklet hazırlanmış və müəssisə və təşkilatlara paylanılmışdır. Bukletdə ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı bu sözləri öz əksini tapmışdır: “Xocalı faciəsi yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir”.
Bukletdə Xocalı soyqırımı ilə bağlı faktlar Azərbaycan və ingilis dillərində yer almışdır. Burada bildirilir ki, Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 nəfərin 63-ü uşaq 106-sı qadın olmuş, 56 nəfər işgəncə və amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 8 ailə tamamilə məhv edilmiş, 155 nəfərin aqibəti isə bu günədək məlum deyildir. Ümumiyyətlə, Xocalı faciəsi zamanı 1275 nəfər əsir götürülmüş və işgəncələrə məruz qalmışdır.
Bukletdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə əks olunmuş, soyqırımı zamanı ermənilər tərəfindən qətlə yetirilmiş körpə uşaqların fotoşəkilləri çap edilmişdir.
Tədbirdə iştirak edən Xocalıdan olan məcburi köçkünlər onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Tədbirdə 30-dan çox Xocalı ailəsinə yardımlar paylanılmışdır.