Xətai rayonunda fləşmob - “Heydər Əliyev: 1923-∞”
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 194 saylı tam orta məktəbinin birgə layihəsi əsasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Heydər Əliyev: 1923-∞” adlı fləşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, açıq havada keçirilən fləşmobda məktəblilər “Sən elə bir zirvəsən ki…” musiqisinin sədaları altında dahi şəxsiyyətə həsr olunan şeirlər səsləndirib, Ulu Öndərin Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təməlin yol açdığı uğurların xronologiyası təqdim edilib.
Bildirilib ki, fləşmobun adında əksini tapan sonsuzluq işarəsi özündə bütün məqamları ehtiva edir. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətdir. Müstəqil dövlətimizin ən yeni tarixi məhz dahi Liderin - Heydər Əliyevin adı ilə bağlıdır. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.