Xəzərdə yaşayan keçici və yarımkeçici balıqların vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib
Bakı, 13 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsini icra edən edən dosent Süleyman Süleymanov, böyük elmi işçi Nuriyyə Şamionova, kiçik elmi işçiləri - Nigar Mehdiyeva və İntizar Səmədli Orta Xəzərin Giləzi, Sitalçay və Sumqayıt, Cənubi Xəzərin isə Bəndovan və Ələt ərazilərində ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya müddətində həmin ərazilərin sahilboyu sularında monitorinq işləri aparılaraq ixtioloji və bioloji örtüyə dair nümunələr toplanılıb. Yaranmış ekoloji şəraitin ixtiofaunanın növ tərkibinə, sayına və yayılmasına göstərdiyi təsirlər öyrənilib. Monitorinqlər zamanı son illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyətinin qənaətbəxş, lakin əksinə olaraq keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı) vəziyyətinin isə qənaətbəxş olmadığı müəyyən edilib. Bildirilib ki, dəniz səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq keçici və yarımkeçici balıqların yayılma arealında müəyyən dəyişikliklər baş verib.