Xidmət rəisi: Azərbaycanın ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı vacibdir
Bakı, 18 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2022-ci il ərzində xidmətin fəaliyyətinin təhlili, bu il üçün qarşıda duran vəzifələrin icrası ilə bağlı tədris-metodiki toplantı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda xidmətin rəhbərliyi, struktur bölmələrinin, eləcə də dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, regional şöbələrin məsul şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov ötən il ərzində Azərbaycanın daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, su hövzələrində baş vermiş suda boğulma hadisələri və həyata keçirilən xilasetmə tədbirləri haqqında geniş məlumat verib, gələcək planlardan danışıb.
Sonra qurumun struktur bölmələrinin əməkdaşları 2022-ci ildə xidmətin təşkili, kiçikhəcmli gəmilərin dövlət qeydiyyatına alınması, kiçikhəcmli gəmilərin və həmin nəqliyyat vasitələrinin dayanacağı üçün bazaların, yanalma körpülərinin texniki baxışdan keçirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə təhlükəsizlik və xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik qaydaları haqqında hesabat xarakterli çıxışlar ediblər.
Sonda xidmətin rəisi kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.