XOCALI FACİƏSİ AZƏRBAYCAN TARİXİNİN QANLI SƏHİFƏSİ KİMİ GƏNCLƏRİMİZİN VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ MÜHÜM ROL OYNAMALIDIR
Bakı, 25 fevral (AZƏRTAC). “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” (AGAT) təşkilatının təşəbbüsü ilə yaradılmış Milli İcmaların Gənclər Təşkilatlarının Əlaqələndirmə Şurası fevralın 25-də Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Yəhudi Mədəniyyət Mərkəzində “Faciəmiz” adlı anma mərasimi keçirmişdir.
AGAT-ın prezidenti Gülsel Səfərova Xocalı faciəsi və bütövlükdə ermənilərin Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasətindən danışmışdır. Qeyd olunmuşdur ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifəsi kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamalıdır. Gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması üçün gənclərimiz daha mübariz olmağa çağırılmışdır.
Əlaqələndirmə Şurasının üzvləri - yəhudi, türk, rus, yunan, tatar və Ukrayna gənclər təşkilatlarının nümayəndələri Xocalı soyqırımının bəşəriyyətə qarşı ən ağır cinayət olduğunu bildirmiş, dünya ictimaiyyətini, xüsusilə də beynəlxalq təşkilatları bu faciəyə qiymət verməyə çağırmışlar.
Gənclər, həmçinin İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Azərbaycanın haqq səsinə dəstək verilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Ombudsman aparatının və xarici ölkələrin ölkəmizdəki səfirliklərinin əməkdaşları iştirak etmişlər.