“Xocalı faciəsi dünyanın gözü ilə” adlı fotosərgi açılıb
Bakı, 22 fevral, Flora Şükürova, AZƏRTAC
Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı faciəsi dünyanın gözü ilə” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin ekspozisiyasında yer alan fotolardan ibarət sərgidə Xocalı soyqırımı zamanı çəkilmiş 30-dək fotoşəkil nümayiş olunur.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi və faciənin canlı şahidləri - Xocalı sakinləri Oqtay Abdullayev və Mərkəz Quliyev çıxış edərək Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi yazılan soyqırımı barədə danışıblar.
Xocalı soyqırımının dünyada baş verən digər qətliamlarla bir sırada dayandığını diqqətə çatdıran natiqlər Xocalının ermənilər tərəfindən əsas hədəf seçilməsinin səbəbinin onların düşünülmüş siyasətinin tərkib hissəsi olduğunu qeyd ediblər.
Vurğulanıb ki, Xocalı şəhəri dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, sonra isə erməni hərbçiləri şəhərə artilleriya və ağır hərbi texnikadan güclü, amansız atəş açıb, az bir vaxt ərzində şəhərdə yanğın baş verib və həmin ərazi tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etmək məcburiyyətində qalıblar, fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib.
Diqqətə çatdırılıb ki, bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Tədbir Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı “Xocalıya ədalət” adlı kompozisiya ilə davam edib.