Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar Abşeron rayonunda tədbir keçirilmişdir
Xırdalan, 25 fevral (AZƏRTAC). Abşeron rayon mədəniyyət evində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. 20 il bundan əvvəl fevralın 26-na keçən gecə erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərini ələ keçirmiş və yüzlərlə dinc sakini qətlə yetirmişlər. Xocalı sakinlərinin amansızcasına qırılmasının yeganə “səbəbi” onların etnik mənsubiyyəti idi.
“Xocalısız 20 il” adlanan tədbirin iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində rayonun ixtisaslaşdırılmış incəsənət məktəblərinin şagirdlərinin tematik rəsmləri sərgisi ilə tanış olmuşlar.
Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, bələdiyyələrin, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, habelə rayon ictimaiyyətinin nümayəndələri Xocalıda soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon mədəniyyət evi xalq teatrının truppası “Xocalısız 20 il” bədii kompozisiyanı təqdim etmişdir. Hadisələrin xronikası əsasında hazırlanmış bu kompozisiya tamaşaçıları o dəhşətli gecəyə aparır. Erməni silahlı dəstələri şəhəri ələ keçirən vaxt 613 nəfər öldürülmüş, min nəfərə yaxın yaralanmış və şikəst olmuşdur. Öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 ahıl və qoca vardı. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. O faciəli gecədə 1275 nəfər girov götürülmüşdür. Onlardan 150-nin taleyi hələ də məlum deyildir.
Məktəblilərin də daxil olduğu özfəaliyyət kollektivinin aktyorları soyqırımına məruz qalmış insanların emosiyalarını inandırıcı şəkildə çatdırmağa nail olmuşlar.
Kompozisiyanın sonunda ölməz Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ifa edilmiş, Qələbəyə inam, ədalətin təntənəsinə ümid təlqin edən şeirlər səslənmişdir.