XOCALI SOYQIRIMI AZƏRBAYCAN TARİXİNƏ FACİƏLİ SƏHİFƏLƏRDƏN BİRİ KİMİ DAXİL OLMUŞDUR
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımı Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Fevralın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Xocalı soyqırımı qadınların gözü ilə” adlı “dəyirmi masa”da xalqımızın başına gətirilən bu qanlı faciə bir daha yad edilmişdir.
Xocalı soyqırımının səbəblərindən danışan komitə sədri Hicran Hüseynova bildirmişdir ki, Azərbaycan həmin dövrdə informasiya blokadasında idi. Yalnız ümummili lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz bu blokadadan çıxdı. Azərbaycan həqiqətləri, o cümlədən Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırıldı. H.Hüseynova demişdir ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün yalnız dövlət strukturları deyil, bütün ictimai qurumlar, hər bir vətəndaş imkanları çərçivəsində əlindən gələni etməlidir. Komitə sədri bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-un və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə önəmli addımlar atılır, Xocalı həqiqətlərini əks etdirən kitablar, elektron məlumat vasitələri dünya miqyasında yayılır.
Milli Məclisin deputalarının, Yazıçılar Birliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümumi vəziyyət və bu işdə ziyalı qadınların rolundan danışılmışdır. Bildirilmişdir ki, Xocalı faciəsinin canlı şahidi olmuş ziyalı qadınlar gördükləri həqiqətləri qələmə alıb geniş oxucu kütləsinə təqdim edirlər. Son illərdə Xocalının acı tarixindən bəhs edən müxtəlif janrlı neçə-neçə əsər nəşr edilmişdir. Yüksək səviyyəli yeni əsərlər yazılmalı, bu tarixi həqiqətlər gələcək nəslə olduğu kimi çatdırılmalıdır.
######
