QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır
Bakı, 24 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ASC-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə çıxış edən qurumun sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsi bəşəriyyət tarixinə insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşmüşdür. 20 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək yüzlərlə köməksiz, günahsız dinc əhaliyə divan tutmuşdur. Hərbi təcavüz zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, 8 ailənin bütün üzvləri öldürülmüş, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyildir.
Q.Hüseynov diqqətə çatdırmışdır ki, bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Ulu öndərimiz 1994-cü il martın 1-də bu haqda xüsusi Fərman imzalamışdır. Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Tədbirdə çıxış edənlər Xocalı faciəsini törədənlərin əsas məqsədinin Azərbaycan torpaqlarının işğalı və etnik təmizləmə siyasəti olduğunu bildirmişlər. Çıxışlarda faciənin 20 il əvvəl olduğu kimi, bu gün də hər bir azərbaycanlının qəlbini sızlatdığı və Xocalı soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilmişdir.