XOCALI SOYQIRIMI XX ƏSRDƏ BƏŞƏRİYYƏTƏ QARŞI TÖRƏDİLMİŞ ƏN AĞIR CİNAYƏTDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Xocalı soyqırımının siyasi, hüquqi və psixoloji aspektləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Litva Respublıkası Seyminin iqtisadiyyat komitəsi sədrinin məsləhətçisi, tarixçi-etnoqraf İmantas Melyanas və bu ölkənin “Lazdiyay ulduzu” ictimai-siyasi qəzetinin redaktoru Riçardas Lapaytis çıxış etmişlər.
Litvalı qonaqlar erməni təcavüzkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qanlı hadisələrdən bəhs etmişlər.
İ.Melyanas Xocalıda dəhşətli olayların baş verdiyi zaman Azərbaycanda olduğunu bildirmiş, bu hadisələrin onu sarsıtdığını qeyd etmişdir. İ.Melyanas demişdir: “Xocalıda xüsusilə, uşaqların və qadınların başına gətirilmiş müsibətlərlə bağlı mənim Litvaya apardığım şəkillər görənləri dəhşətə gətirirdi. Xocalı qətliamı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir və bu cinayəti törədənlər mütləq öz cəzasını almalıdırlar”.
Qonaq, həmçinin Xocalı soyqırımına siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır.
R.Lapaytis 18 il əvvəl ermənilərin keçmiş sovet hərbçilərinin köməyi ilə Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını bəşər tarixinin ən dəhşətli səhifələrindən biri kimi qiymətləndirmiş, dünya ictimaiyyətini bu hadisələri pisləməyə çağırmışdır. Qonaq Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində son illər Azərbaycan diplomatiyasının atdığı uğurlu addımlara diqqət çəkmişdir. O, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasını da yolverilməz hal hesab etdiyini vurğulamışdır.
Tədbirdə digər çıxış edənlər də Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi tanınmasını tələb etmişlər. Natiqlər İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” beynəlxalq kampaniyasının faciəyə qiymət və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmişlər.