XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ FİLM NÜMAYİŞ ETDİRİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Heydər Əliyev Sarayında Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra sarayın direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev xalqımıza qarşı tarixən nifrət və düşmənçilik hissləri bəsləyən ermənilərin zaman-zaman torpaqlarımızda törətdikləri dəhşətli faciələrdən danışmışdır.
F.Babayev Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz, dəhşətli və qanlı səhifəsi olduğunu söyləyərək ermənilər tərəfindən törədilən qırğınlardan bəhs etmiş, bu vəhşiliklərin təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən digər natiqlər bildirmişlər ki, erməni təcavüzkarlarının Xocalıda törətdikləri bu kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuş, yüzlərlə insan yaralanmışdır. 1275 dinc sakin əsir götürülmüşdür ki, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir.
Vurğulanmışdır ki, 26 fevral faciəsi xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı misli görünməmiş bir təcavüz, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Çünki o qanlı-qadalı gecədə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Sonra “Tarixin bir günü və ya bir günün tarixi” filmi nümayiş etdirilmişdir. Filmdə Xocalıda baş verən dəhşətlər bir daha real faktlarla diqqətə çatdırılmışdır.
######
