YAP Ağcabədi rayon təşkilatında Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir
Ağcabədi, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü Ağcabədi rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının və Gənclər Təhsil Mərkəzinin Ağcabədi filialının təşkilatçılığı ilə fevralın ortalarından başlayaraq rayonun ümumtəhsil məktəblərində, müəssisə və təşkilatlarda “Xocalı soyqırımını tanıtım” aksiyası keçirilmişdir. Aksiya çərçivəsində faciə ilə bağlı iştirakçılara məlumatlar verilmiş, gənclərin və məktəblilərin Xocalı soyqırımı ilə əlaqədar bilgilərini genişləndirmək məqsədi ilə sorğu keçirilmiş, sorğunun nəticələri yoxlanaraq qiymətləndirmə aparılmışdır. Aksiyada mindən artıq məktəbli və gənc iştirak etmişdir.
Xocalı faciəsi ilə bağlı YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən təşkil edilmiş sərgi, fotoşəkillər, videomateriallar, kitab və bukletlərlə tanış olmuşlar. Xocalı faciəsi qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov və Heydər Əliyev Mərkəzinin elmi işçisi Məhsəti Musayeva tədbirdə çıxış edərək Xocalı soyqırımı haqqında toplantı iştirakçılarına geniş məlumat vermişlər.
Sonra Gənclər Təhsil Mərkəzinin Ağcabədi filialı tərəfindən hazırlanmış Xocalı soyqırımına bəhs edən film göstərilmişdir.
“Xocalı soyqırımını tanıtım” aksiyasının yekunları elan edilmişdir. Şəhər 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdlərinin aksiyalarda daha fəal iştirak etdikləri diqqətə çatdırılmışdır.
Tədbirin gedişində toplantı iştirakçılarına Xocalı faciəsinə həsr edilmiş videofilmlər, buklet və kitablar paylanmışdır.
Tədbirin sonunda Ağcabədi Pedaqoji kollecinin tələbələri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov tədbirin yekununda erməni qəsbkarları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş faciələri bir daha xatırladaraq hər bir gənci ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olmağa çağırmışdır.