YAP bütün seçkilərə xalqın dəstəyini qazanmağa qadir olan namizədlərlə gedir
Bakı, 11 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyasının qadın namizədləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının bütün seçkilərə məhz xalqın dəstəyini qazanmağa qadir olan namizədlərlə getdiyini deyib. O, bildirib ki, əsas məqsəd bələdiyyə seçkilərində partiyanın böyük qələbə qazanması, yerli özünüidarəetmə orqanlarında YAP üzvlərinin çox sayda təmsilçiliyinin təmin olunmasıdır.
Rayon təşkilatının sədri deyib ki, növbəti qələbə üçün bütün əsaslar mövcuddur. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. Xüsusilə bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Natiq ulu öndər Heydər Əliyevin siyasi varisi, YAP-ın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə əldə olunmuş uğurların partiyanın ən böyük təbliğat vasitəsi olduğunu qeyd edib.
Binəqədidəki bələdiyyələr haqqında geniş məlumat verən sədr rayonda Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocəsən və Biləcəri bələdiyyələrinin fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, sayca üçüncü seçkidən sonra ötən beş ildə rayon əhalisinin artması ilə əlaqədar bu il keçiriləcək bələdiyyə seçkilərində 73 deyil, 79 bələdiyyə üzvü yerinə seçkilər keçiriləcək. Bu yerlərin hamısına Yeni Azərbaycan Partiyası tərəfindən namizədlər irəli sürülüb. Builki seçkilərdə iştirak edən YAP namizədlərinin 35 faizini qadınlar təşkil edir. O, namizədlərin ali təhsilli, geniş dünyagörüşünə malik, gənc və perspektivli şəxslərdən təşkil olunduğunu bildirib.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi hakim partiya tərəfindən irəli sürülən bütün namizədləri təbrik edib, partiyanın bu seçkilərdə zəfər çalacağına inandığını söyləyib. Bildirib ki, bu qələbəni təmin edən Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət, ölkədə aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən irimiqyaslı iqtisadi layihələrdir.
Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycanda bələdiyyələr demokratik prinsiplər əsasında yaradılan və formalaşdırılan yerli özünüidarəetmə orqanlarıdır. Bu orqanların formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir.
O, 1999-cu ildə ilk dəfə bələdiyyə seçkilərinin keçirildiyi tarixə nəzər salaraq vurğulayıb ki, həmin vaxt seçkilərdə qadın namizədlərin sayı çox az idi. Ötən müddət ərzində Azərbaycanda qadınların ictimai fəallığının artması bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə orqanlarında da özünü göstərdi. Dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər arasında gənclərin və xanımların üstünlük təşkil etməsi ölkədə gedən qadın və gənclər siyasətinin həm nəticəsi, həm də müsbət göstəricisidir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Leyla Abdullayeva YAP-ın alternativsiz siyasi qüvvə olduğunu və Azərbaycanın siyasi arenasında özünəməxsus yer tutduğunu ifadə edib. Respublikada Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan abadlıq-quruculuq proseslərindən danışan natiq bu məqsədlə müxtəlif Dövlət proqramlarının qəbul edildiyini, dövlət büdcəsinin ilbəil artdığını, qeyri-neft sektorunun inkişaf etdiyini vurğulayıb.
Görüşdə bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri Aytac Əliyeva, Sitarə Cabbarlı və başqaları çıxış edərək cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, onların bir çox mühüm layihələrlə çıxış etməsinin zəruriliyindən, qarşıda duran vəzifələrdən danışıblar.
Milli Məclisin deputatları və namizədlər seçiciləri maraqlandıran sualları cavablandırıblar.