YAP Səbail rayon təşkilatı idarə heyətinin iclası keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib, iclasda təşkilatın ilin birinci yarısındakı fəaliyyətinin yekunlarının müzakirə olunacağını bildirib.
Sonra YAP Səbail rayon təşkilatı tərəfindən 2016-cı ilin birinci yarısında görülən işlər, keçirilən tədbirlər barədə videotəqdimat olub.
Təqdimatda qeyd olunub ki, YAP Səbail rayon təşkilatı hesabat dövründə əlamətdar günlər, dövlət bayramları ilə əlaqədar müxtəlif tədbirlər, həmçinin xalqımıza qarşı törədilmiş soyqırımlarla bağlı anım mərasimləri təşkil edib. Bundan başqa, təşkilatın təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev - Azərbaycan: dünən, bu gün və sabah” nəşrinin mayın 5-də geniş təqdimat mərasimi keçirilib. İlin birinci yarısında, həmçinin müxtəlif müsabiqə və yarışlar, ekskursiyalar təşkil olunub.
Təqdimatdan sonra çıxış edən Şəmsəddin Hacıyev ilin birinci yarısında YAP Səbail rayon təşkilatının ərazi ilk təşkilatları ilə birgə səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Dünyada, o cümlədən Avropada və regionda yaşanan böhran, baş verən münaqişələr fonunda Azərbaycanın mətin addımlarla irəlilədiyini diqqətə çatdıran sədr deyib ki, bu nailiyyətin əsasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması durur.
Ölkəmizdə mükəmməl hüquqi bazanın yaradıldığını, dinamik inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artdığını qeyd edən Ş.Hacıyev bunun sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların intensivləşdiyini deyib. Qeyd edib ki, ölkəmizdə güclü xalq-iqtidar həmrəyliyinin mövcud olmasını aprelin əvvəllərində cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusunun uğurları və xalqımızın yüksək əhval-ruhiyyəsi bir daha nümayiş etdirdi.
Sonra YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev çıxış edərək birinci yarım ildə əldə olunan nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlərdən danışıb.
Daha sonra bir sıra ərazi ilk partiya təşkilatlarının hesabat məruzələri dinlənilib, təşkilati məsələlər müzakirə edilib.