Yaponiya hökumətinin dəstəyi ilə Zaqatalada daha bir layihə həyata keçiriləcəkdir
Zaqatala, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Zaqatala rayon İcra hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək yeni layihə - “Zaqatala rayonunda tullantıların idarə olunması sisteminin yaxşılaşdırılması” layihəsi üzrə qrant sazişinin imzalanma mərasimi keçirilmişdir.
Mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, səfir Şusuke Vatanabe və rayon rəhbərliyi əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Mərasimi giriş sözü ilə layihənin rəhbəri, “İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov açaraq imzalanacaq layihə barədə məlumat vermişdir. Bildirmişdir ki, ekologiya sahəsi ilə bağlı olan bu layihənin başlıca məqsədi tullantıların çeşidlənməsi və yenidən emal edilməsi üçün qurğuların, emal olunmayan tullantıların yandırılaraq məhv edilməsi üçün nəzərdə tutulan xüsusi sobaların rayonun ətraf ərazilərində inşa edilməsidir. Layihə üzrə işlərin 6 ay müddətinə başa çatdırılması nəzərdə tutulur.
Mərasimdə çıxış edən Şusuke Vatanabe Zaqatalaya ilk dəfə səfər etdiyini, rayonun təbiətinə, şəhərin gözəlliyinə, abadlığına heyran qaldığını diqqətə çatdırmış və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”nın Azərbaycanda 2000-ci ildən həyata keçirildiyini xatırladan səfir, Proqram çərçivəsində indiyədək Azərbaycanda təhsil, səhiyyə, ekologiya və sosial sahələr üzrə ümumi məbləği 10 milyon 470 min 670 ABŞ dolları olan 141 layihənin həyata keçirildiyini diqqətə çatdırmışdır. Yaponiya səfiri Zaqatala rayonu ilə səfirlik arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini, yeni layihələrin həyata keçiriləcəyini bildirmişdir.
Mərasimdə çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycan Respublikası ilə Yaponiya arasında əlaqələrin bütün sahələr üzrə uğurla davam etdiyini bildirmiş, bu istiqamətdə hər iki ölkənin dövlət başçılarının səmərəli fəaliyyətini xüsusi vurğulamışdır. Ekologiyanın yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinin ölkə rəhbərliyinin fəaliyyətinin əsas tərkib hissələrindən biri olduğunu vurğulayan icra başçısı, son illər respublikamızda bu sahədə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, proqramların qəbul olunduğunu diqqətə çatdırmışdır. Bu layihənin ətraf mühitin mühafizəsinə böyük töhfə verəcəyinə əminliyini ifadə edən M.Əhmədzadə, layihənin həyata keçirilməsinə göstərdiyi köməyə görə zaqatalalılar adından səfir Şusuke Vatanabeyə minnətdarlığını bildirmişdir.
Sonra səfir Şusuke Vatanabe və “İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov layihəni imzalamışlar.
İmzalama mərasimindən sonra Yaponiya səfiri və rayon rəhbərliyi gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər layihələrlə bağlı ilkin hazırlıq işləri ilə əlaqədar rayonun Dardoqqaz və Mosul kəndlərində olmuşlar.
######
