DÜNYA
Yaşar Güler: Suriya ilə münasibətlərdə həll edilməyəcək məsələ yoxdur
Ankara, 31 avqust, AZƏRTAC
Türkiyə ilə Suriya arasında münasibətlərdə həll edilməyəcək məsələ yoxdur. Əminəm ki, mövcud problemlər aradan qaldırılandan sonra ölkələrimiz qonşulara yaraşan normal əlaqələri bərpa edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin milli müdafiə naziri Yaşar Güler məlumat verib.
Müdafiə Nazirliyinin rəhbəri Suriya Prezidenti Bəşər Əsədin Türkiyə ilə bağlı, o cümlədən yüksək səviyyəli danışıqların aparılmasına dair son açıqlamalarını müsbət qiymətləndirib.
Onun sözlərinə görə, Ankara ilə Dəməşq münasibətlərdəki gərginliyi tez bir zamanda aradan qaldırmalıdır.
Türkiyəli nazir digər qonşu dövlət - İraqla dialoq mövzusuna da münasibət bildirib.
Güler xatırladıb ki, avqustun 15-də Ankarada Xarici İşlər və Müdafiə nazirlikləri, habelə kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Türkiyə-İraq yüksək səviyyəli təhlükəsizlik mexanizminin iclası keçirilib. “Görüşün yekunlarına dair terrorla mübarizədə əməkdaşlıq haqqında razılıq əldə olunub”, -deyə o vurğulayıb. Nazir diqqətə çatdırıb ki, PKK terrorçularını Bağdadda “qadağan olunmuş təşkilatın üzvləri” adlandırmağa başlayıblar.
Türkiyəli nazir qeyd edib ki, İraq hakimiyyəti PKK terrorçuları ilə əlaqədə olan siyasi qüvvələrin fəaliyyətini rəsmən qadağan edib. “İraq hökuməti bu gün PKK-ya qarşı sərt bir kursa sadiqdir və anladı ki, bu qanlı təşkilatın ölkədə yeri yoxdur və ola da bilməz”, - deyən Güler, son razılaşmaya uyğun olaraq, Bağdadda terrorla mübarizə üzrə Birgə Koordinasiya Mərkəzinin yaradıldığını bildirib.
“Bu mərkəzdə Türkiyə və İraqdan generallar çalışacaq. Zəruri hallarda birgə hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərar sonrakı mərhələdə veriləcək. Eyni zamanda, İraqın şimalında türk hərbi təlimatçılarının yerləşdiyi Başika hərbi bazası birgə təlim mərkəzinə çevriləcək”, -deyə Milli Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.