YƏHUDİ İCMALARI DÜNYA İCTİMAİYYƏTİNİ TÜRKİYƏNİ MÜDAFİƏ ETMƏYƏ ÇAĞIRIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, aksiya Amerika Yəhudi Komitəsi, eləcə də Yəhudi Təşkilatları və İcmaları Şurası kimi nüfuzlu təşkilatlar tərəfindən də dəstəklənmişdir. Amerikadakı Rusdilli Yəhudilər Cəmiyyətinin vitse-prezidenti Leonard Petlax mitinqi açaraq, türk xalqını yekdilliklə dəstəklədiklərini bəyan etmişdir.
Sonra çıxış edən konqressmen-demokrat Jerald Nadler dünya ictimaiyyətini terrorizmə qarşı birgə mübarizə aparmağa, rusdilli icmaları isə bu ağır günlərdə Türkiyə xalqını dəstəkləməyə çağırmışdır.
Amerika-Türkiyə Federasiyasının icraçı prezidenti İbrahim Kurtuluş çıxışından demişdir: “Bu terror aktları Türkiyədə də baş verdi, halbuki burada müxtəlif xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar, yəhudilər isə heç bir ayrı-seçkiliyə məruz qalmayıblar. Valideynlərimiz bizə öldürməyi öyrətməyiblər. Biz sevməyi və dostluğu öyrənmişik. Bu gün Türkiyədə yəhudilər və müsəlmanlar öldürülüblər. Bu terror aktını törədənlər öz cəzalarına çatacaqlar. Biz həmişə olduğu kimi, yenə də bir yerdəyik, bunu bizə tarix və həqiqət öyrədir”.
Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harris də Türkiyəni digər dövlətlərə nümunə göstərmişdir. Onun sözlərinə görə, 1492-ci ildə yəhudilər İspaniyadan qovulandan sonra Türkiyədə məskunlaşmış və əmin-amanlıq içərisində yaşamışlar. İndi isə, nəinki yəhudilər, planetimizin gələcəyinə biganə qalmayan hər bir şəxs sülh naminə Türkiyə xalqına sözü və əməli ilə dəstək olmalıdır.
Aksiyada Azərbaycan Yəhudiləri Cəmiyyətinin üzvləri də çıxış edərək, Azərbaycanla Türkiyəni dostluq və qardaşlıq telləri bağladığını və onların həmişə bir-birinə axra-dayaq olacağını söyləmiş, Azərbaycanın özünün də terrordan əziyyət çəkdiyini və onun terrorizmi qətiyyətlə pisləyən bir dövlət olduğunu bildirmişlər.