Yeni Azərbaycan Partiyası “Ekologiya ili” çərçivəsində ağacəkmə aksiyası keçirmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ekologiya ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiyada YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP icra katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, digər deputatlar və partiya fəalları iştirak etmişlər.
Əli Əhmədov bildirmişdir ki, aksiyanın məqsədi Prezident İlham Əliyev tərəfindən cari ilin “Ekologiya ili” elan edilməsi ilə bağlıdır. YAP-ın “Ekologiya ili” çərçivəsində həm paytaxtda, həm də digər bölgələrdə bir neçə ağacəkmə kampaniyasını həyata keçirməsi partiyanın cəmiyyətimizdə abadlığa, quruculuğa önəm verdiyini bir daha sübut edir.
Ə.Əhmədov demişdir ki, bugünkü tədbir partiyanın cari il ərzində Bakıda və respublikanın digər bölgələrində reallaşdırdığı ağacəkmə kampaniyasının bir növ davamıdır. Burada əkilən ağaclar bir neçə ildən sonra böyüyəcək, yaşıllıq zonasına çevriləcək, bu da Azərbaycanın ekologiyasının təmizlənməsini, insanların daha sağlam mühitdə yaşamasını təmin edəcəkdir.
Bir hektar ərazidə Avropadan gətirilmiş 350 leylandra növlü ağac əkilmiş, ərazidə abadlıq və təmizlik işləri aparılmışdır.
######