YENİ SEÇKİ MEXANİZMİ TƏTBİQ OLUNUR YAP BUNUNLA BAĞLI SEMİNAR-MÜŞAVİRƏLƏR KEÇİRİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş partiya üzvlərinin təbliğat kampaniyasını yüksək səviyyədə qurmaq üçün seminar-müşavirələr keçirir. Seminar-müşavirələrdə namizədlərə yerli özünüidaretmə sisteminin məqsədi, fəaliyyəti, hüquqi bazası və cəmiyyətdə rolu barədə ətraflı məlumat verilir. Qazax, Ağstafa və Gədəbəy rayonlarında bununla bağlı keçirilən seminarda partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən bələdiyyə seçkilərində demokratik və şəffaf mühitin qorunmasının vacibliyini bildirmişdir. Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyası seçkilərin beynəlxalq normalara uyğun keçirilməsinin və həm də mütləq qələbənin qazanılmasının tərəfdarıdır. Deputat demişdir ki, biz bununla ölkəmizdə demokratik dövlət qurulduğunu və partiyamıza xalqın böyük etimad göstərdiyini növbəti dəfə sübuta yetirməliyik.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda digər sahələrlə yanaşı, idarəetmə sistemində də islahatların həyata keçirildiyinə toxunan deputat bildirmişdir ki, ölkəmizdə bələdiyyələrin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Bundan səmərəli surətdə istifadə edən bələdiyyələrin çoxu sosial-mədəni problemlərin həlli və yerli infrastrukturun təkmilləşdirilməsi sahəsində mühüm uğurlar qazanmışdır.
Seminar-müşavirədə partiyanın bələdiyyə seçkiləri ilə bağlı tətbiq etdiyi yeni iş mexanizminə aydınlıq gətirilmişdir. Bildirilmişdir ki, namizədliyi partiya tərəfindən və fərdi qaydada irəli sürülən YAP üzvləri üçün təlimat xarakterli nümunəvi seçki proqramı hazırlanmışdır. Proqramda bələdiyyələrin qarşısında duran vəzifələr və təbliğat kampaniyasının aparılması ilə bağlı xüsusi tövsiyələr öz əksini tapmışdır. Bu barədə tədbirin iştirakçılarına ətraflı məlumat verildikdən sonra namizədləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.