İQTİSADİYYAT
Yeni Yaşma və Şurabaddakı külək elektrik parkları “Azərişıq”ın idarəçiliyinə keçib

Bakı, 22 dekabr, AZƏRTAC
Yeni Yaşma və Şurabad qəsəbələrindəki külək elektrik parkları “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarəçiliyinə verilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 22-də “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan Yeni Yaşma qəsəbəsindəki 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkı, eləcə də Şurabad qəsəbəsindəki 2 ədəd külək enerjili elektrik qurğusundan, külək ölçmələri və təlim mərkəzindən və 16 ədəd külək turbininin quraşdırılması üçün monolit beton oturacaqlardan ibarət Külək Elektrik Parkı “Azərişıq” ASC-nin nizamnamə kapitalına yönəldilib.
Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Azərişıq” ASC ilə birlikdə nəzərdə tutulan dövlət əmlakının balansdan balansa verilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görəcək.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı isə sərəncam qüvvəyə mindikdən sonra “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək külək enerjisi qurğularının “Azərişıq”ın balansına verilməsi və həmin əmlak hesabına “Azərişıq” ASC-nin nizamnamə kapitalının artırılmasını təmin edəcək.
Həmçinin külək elektrik parklarının normal fəaliyyətinin təmin edilməsi üçün müvafiq rekonstruksiya-quraşdırma işlərinin görülməsi, material ehtiyatı bazasının yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla, qeyd olunan sahə üzrə kadr potensialının formalaşdırılması və digər zəruri işlərin həyata keçirilməsi məqsədilə “Azərişıq” ASC-yə nizamnamə kapitalının artırılması üçün 10 milyon manat ayrılıb.