ELM VƏ TƏHSİL
“Yeniyetmələrin peşə seçiminə dəstək” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb
Bakı, 17 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) ilə Gənclər və İdman Nazirliyinin “Yeniyetmələrin peşə seçiminə dəstək” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, 10 gün ərzində keçirilən təlimlərdə respublika üzrə 28 Gənclər Evinin 60 əməkdaşı iştirak edib.
Təlimlər Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun əməkdaşları Xavər Dadaşova, Sevinc Məmmədova, Gülü Əliyeva və Leyla Süleymanova tərəfindən keçirilib. Qazax, Şirvan və Bakı şəhərlərində təşkil olunan görüşlər iki gün davam edib. Təlimin birinci günü peşə seçimi, peşə seçiminə dəstək, yeniyetməlik dövrü və uşaq-valideyn münasibətləri mövzuları haqqında danışılıb. Qeyd olunan mövzular çərçivəsində peşə seçiminə təsir göstərən amillər, düzgün peşə seçiminin rolu, peşə seçimində dəstək növləri (maarifləndirmə, diaqnostika, konsultasiya), dəstək üçün istifadə olunan alətlər, yeniyetməlik dövrünün xüsusiyyətləri, tərbiyə üsulları, valideynlərin peşə seçiminə müdaxilə dərəcələri və s. haqqında məlumat verilib, interaktiv müzakirələr və tapşırıqlar üzərində iş aparılıb.
İkinci gün peşə təsnifatı, istifadə olunacaq alətin strukturu, xüsusiyyətləri, tərkibinə daxil olan testlər və şkalalar haqqında məlumat verilib, həmçinin əks-əlaqə vermə qaydaları, səhv verilən əks-əlaqənin fəsadları haqqında müzakirələr aparılıb. Günün ikinci yarısı isə müvafiq proqram təminatı ilə tanışlıq keçirilib və işləmə qaydaları izah olunub.
Təlim müddətində fərdi və qrup şəklində iş, diskussiyalar, rol oyunları, kollajların tərtibi kimi təlim üsullarından istifadə olunub.