Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək
Bakı, 30 dekabr, AZƏRTAC
2023-cü ilin yanvar ayından Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov 2022-ci ilin yekunlarına dair brifinqdə deyib.
O qeyd edib ki, hazırlanmış platforma vasitəsilə yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcəklər: "Hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsilə online formada göndərilməsi təmin ediləcək. Platforma daxilində vahid məlumat bazası yaradılacaq.
Agentlik tərəfindən qəbul edilmiş 5 GK hesabatları (balans hesabatları) və yer təki sahəsindən istifadəyə dair verilmiş icazə sənədləri (DMAA) barədə vahid məlumat bazasına mövcud məlumatların inteqrasiyası da təmin ediləcək.
"Platformada hər biri ayrı bölmədə yataqlar haqqında məlumat, onların istifadəsinə dair hesabatlar, hərraca çıxarılacaq yataqlar, hərracda iştirak şərtləri, cərimələrin məbləğləri haqqında məlumatlar və tərtib olunan aktlar əks olunacaq. Bundan əlavə, sayt vasitəsilə istismarçılar onlar üçün qaranlıq qalan bütün prosedurlar və əməliyyatlar haqqında agentliyin mütəxəssislərinə müraciət ünvanlaya biləcəklər.
Həmin platformanı yaratmaqda əsas məqsəd operativliyi, şəffaflığı və sahibkarların işində rahatlığı təmin etməkdir".