Yevlaxda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Yevlax, 25 fevral (AZƏRTAC). Yevlaxda Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar “Şəhidlər” abidə kompleksi önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, ziyalılar, məktəblilər əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov, Xocalı faciəsinin şahidi Musa Abbasov, rayon məktəbliləri arasında keçirilmiş “Xocalının qisasını alacağıq” mövzusunda inşa yazı müsabiqəsinin qalibi Sabir Cəfərov erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 20 il bundan əvvəl Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmışlar. Faciə bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri kimi qiymətləndirilmişdir.
Çıxışlarda faciəyə yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən soyqırımı kimi hüquqi-siyasi qiymət verildiyi, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilmiş, bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.
Mərasimdə rayon məktəblilərinin Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi nümayiş olunmuşdur.
Tədbirdən sonra Yevlaxda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə yardım edilmişdir.