CƏMİYYƏT
Yol polisi: Əsas məqsəd koronavirus infeksiyası ilə bağlı sürücüləri məlumatlandırmaqdır
Bakı, 29 mart, AZƏRTAC
Paytaxtda koronavirus infeksiyasının qarşısının alınması və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi üçün yol polisi əməkdaşları nəqliyyat vasitələrinin sahibləri ilə profilaktik tədbirlər həyata keçirirlər.
Bunu AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, profilaktik tədbirlərin keçirilməsində əsas məqsəd, koronavirus infeksiyası ilə bağlı sürücüləri məlumatlandırmaqdır. Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur. Tədbirlərin geniş miqyasda həyata keçirilməsi üçün yol polisi səfərbər olunub ki, onlar sürücülər arasında maarifləndirmə işləri aparsınlar. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasınlar. Onlar “Evdə qal” kampaniyasına əməl etməli və həmrəylik göstərməlidirlər.