ELM VƏ TƏHSİL
Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar
Bakı, 19 mart, AZƏRTAC
“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində 4 həftəlik seminar başa çatıb.
Bu barədə AZƏRTAC-a Yüksək Texnologiyalar Parkından məlumat verilib.
Texnologiya transferinin dəyəri mövzusunda keçirilən seminarda Koreya təcrübəsinin dərindən öyrənilməsi istiqamətində mühazirələr təşkil edilib. Həmçinin mühazirələr əsasında verilən tapşırıqlarla təlimçilər mövzulara dair fikirlərini bildiriblər. Mühazirələr “Delta Tech Korea” şirkətinin baş icraçı direktoru, Koreyanın texnoloji innovasiyaların idarə edilməsi sahəsində tanınmış mütəxəssislərindən olan Seung Ho Lee tərəfindən təqdim edilib.
Seminarda Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Memarlıq və İnşaat Universiteti, Yüksək Texnologiyalar Parkı, Qərbi Kaspi Universiteti, “Azerconnect” şirkəti, Odlar Yurdu Universiteti və İdarəetmə Sistemləri İnstitutunu təmsil edən innovasiya ekosisteminin fəal üzvləri iştirak ediblər.
Seminarın əsas məqsədi iştirakçılar üçün əvvəlki təcrübələrdə uğurlu və uğursuz halların təhlil edilməsi, virtual təşkilatların idarə olunması və insan resursları ilə dəyər yaratmağın öyrədilməsi olub.
Sonda seminarın fəal iştirakçılarına sertifikat verilib.
2022-2024-cü illəri əhatə edən “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi Koreya hökumətinin dəstəyilə həyata keçirilir. Layihə çərçivəsində indiyədək texnologiyaların transferi və kommersiyalaşdırılması, əqli mülkiyyət, açıq innovasiya istiqamətləri üzrə Seul və Bakıda 10-dan artıq seminar (onlayn və ənənəvi formatda) 2 forum, eləcə də müxtəlif təşkilatlarda görüşlər keçirilib. Koreya təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyətli olan layihə üzrə bu il də fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.