Yunan-Roma güləşçilərimiz dünya kuboku yarışını altıncı sırada tamamlayıb
Bakı, 20 may, AZƏRTAC
İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları başa çatıb. Yarışda Azərbaycan ilə yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə “B” qrupunda mübarizə aparıb. “A” qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxıstan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Belarus yığması ilə qarşılaşıb. Hesab bərabər olsa da, qələbələrin keyfiyyətinə görə rəqib komanda qalib elan edilib. Beləliklə də yarışa gənc heyətlə qatılan Azərbaycan yığması dünya kubokunu altıncı sırada başa vurub.
Xatırladaq ki, ötənilki yarışda yunan-Roma güləşçilərimiz dünya kubokunu qazanaraq böyük uğura imza atmışdılar.