Yuri Vernidub: Nəyə qadir olduğumuzu göstərmək istəyirik
Bakı, 30 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək “Dinamo” (Minsk) – “Neftçi” matçından əvvəl "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlama verib.
AZƏRTAC xəbər verir ki, ukraynalı çalışdırıcı belə oyunlardan sonra psixoloji zərbə aldıqlarını deyib.
Onun sözlərinə görə, komanda bu matça hazırdır və nəyə qadir olduğunu göstərmək istəyir.
“Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər, meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar”, - deyə Yuri Vernidub vurğulayıb.