Zakir Həsənov: Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə sarsıdıcı zərbələr endiriləcək
Bakı, 28 yanvar, AZƏRTAC
Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha sarsıdıcı zərbələr endiriləcək.
Bu fikri Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedraların rəisləri ilə keçirilən təlim-metodiki toplantısındakı çıxışında deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin mövcud vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb. Nazir bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələri qeyd edib. Müdafiə naziri, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb. Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan Zakir Həsənov cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin başa çatdırılacağını, eləcə də cəbhəboyu zonada tam təminatlı yeni hərbi hissələrin açılacağını bildirib.
“Xidməti mənzillərlə yanaşı, ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcək. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir”, - deyə müdafiə naziri əlavə edib.
Sonda general-polkovnik Zakir Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını verib.