Zaqatalada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Zaqatala, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 21-ci ildönümü Zaqatala rayonunda xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunmuşdur.
Rayon rəhbərliyi, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, ağsaqqallar və gənclər yanvarın 19-da Zaqatala şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə tər çiçəklər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra rayon mədəniyyət evində “Hüzn və Milli qürur günü” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə foyedə təşkil edilmiş “Qan yaddaşı” rəsm sərgisinə və 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmə baxmışlar.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Hüzn və Milli qürur günü” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri konkret faktlarla bir daha xatırlanmış, bu qanlı hadisələrin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq tarixində şanlı bir səhifə olduğu xüsusi vurğulanmışdır. Natiq bildirmişdir ki, imperiya qüvvələrinin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törətdikləri qanlı terror hadisələri müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin onların məkrli niyyətləri baş tutmadı. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar.
Konfransda Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun atası Bəşir Məmmədov, “İgidliyə görə” medalı ilə təltif olunmuş Vətən Məmmədov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə hər an hazır olduqlarını bildirmişlər.
Sonra 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Şəhid ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.
20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, Heydər Əliyev Mərkəzində “Qanla yazılan tariximiz” mövzusunda konfrans, YAP rayon təşkilatında anma mərasimi, Dombabinə kəndinin idman zalında cüdo üzrə rayon turniri və digər tədbirlər keçirilmişdir.
######
