Zəki Gümüş: Azərbaycan özünü müdafiə etmək gücünə və imkanına malik olan dövlətdir
Bakı, 6 mart, AZƏRTAC
İranın idarəetmə sistemini bəzən “üzüm salxımı” modelinə bənzədirlər. Yəni müxtəlif bölgələrdə hərbi strukturlar müəyyən komandanların nəzarətində fəaliyyət göstərir və bəzi hallarda onlar fərdi qərarlar verə bilirlər. Bu baxımdan İranın ABŞ və İsrailə qarşı müdafiə fəaliyyətlərinin də müxtəlif regional komandalar vasitəsilə həyata keçirildiyi qeyd olunur. Buna görə də İranın həm dron, həm də raket hücumları ilə bağlı araşdırma aparması və nəticələr barədə həm Azərbaycana, həm də Türkiyəyə aydın izahat verməsi vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında türk jurnalist Zəki Gümüş söyləyib.
O deyib: “Azərbaycan özünü müdafiə etmək gücünə malik dövlətdir və belə hadisələrin davamı halında adekvat cavab vermək imkanına sahibdir. Lakin hazırkı mərhələdə bəzi suallar açıq qalır. Məsələn, Hatay üzərində zərərsizləşdirilən raketin konkret hara yönəldiyi barədə dəqiq məlumat yoxdur. Eyni vəziyyət Naxçıvana yönəlmiş dronla bağlı da müşahidə olunur – onun dəqiq hədəfi barədə aydın məlumat verilməyib.
Hazırda həm Türkiyə, həm də Azərbaycan soyuqqanlı və təmkinli şəkildə hərəkət edərək lazımi diplomatik reaksiyanı veriblər. Hadisələrin davam edəcəyi halda isə zəruri addımların atılması mümkündür”.
Türk jurnalistin sözlərinə görə, həm Türkiyənin, həm də Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu cür problemlər, ilk növbədə, diplomatik və danışıqlar yolu ilə həll edilməlidir. Bu yanaşma hər iki ölkənin sülhə üstünlük verən siyasətindən və regionda gərginliyin daha da artmaması istəyindən irəli gəlir. Hazırda həm Türkiyə, həm də Azərbaycan məsələ ilə bağlı lazımi mövqeyi ortaya qoyub və vəziyyəti diqqətlə izləyir.