CƏMİYYƏT
Zəngəzur Milli Parkı zəngin fauna aləmi ilə fərqlənir
Bakı, 16 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında meşə ilə örtülü sahə az olsa da biomüxtəliflik cəhətdən çox unikal bir ərazidir. Azərbaycanın digər ərazilərində rast gəlinməyən növlərə orada rast gəlmək mümkündür. Həm bitki aləmi, həm də heyvanat aləmi çox zəngindir. Sürünənlər baxımından həmin quraq ərazilər açıq səma altında bir muzey kimidir. Çoxlu sürünən heyvan növlərinə, həm kərtənkələlər, həm ilanlara rast gəlinir. Quşlar baxımından da çox zəngindir, məsələn, qartalkimilər, leşyeyən iri quşlar yaşayırlar. Saqqalı kərkəz Azərbaycanın “Qırmızı kitabı”na salınsa da, Naxçıvanda tez-tez rast gəlinir. Ümumiyyətlə Naxçıvan Muxtar Respublikası, xüsusilə də akademik Həsən Əliyev adına Zəngəzur Mili Parkı zəngin fauna aləmi ilə fərqlənir. İlk milli parklardan olan Zəngəzur Milli Parkı Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə yaradılıb. Azərbaycanda zəngin biomüxtəlifliyə malik ən əhəmiyyətli milli parklardan biridir. Milli parkın ərazisində “Qırmızı kitab” növləri olan bəbir, Xəzər uları, muflon, bezoar keçisi və s. heyvan növlərinə rast gəlinir.
Bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Zəngəzur Milli Parkının 20 illiyi münasibətilə AZƏRTAC-a verdiyi müsahibəsində deyib.
E.Əsgərovun sözlərinə görə, məməli heyvanlardan bəbirin ən stabil populyasiyası Naxçıvandadır. Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində Naxçıvanda, Zəngəzur Milli Parkında quraşdırılmış foto-video tələlər vasitəsilə bəbir populyasiyasının müşahidəsi aparılır: “İndiyə kimi kameralar qarşısında doqquz bəbir anadan olub, böyüyüb və digər ərazilərə yayılıb. Hətta elələri var ki, Türkiyəyə - Qara dəniz sahillərinə gedib çıxıb. Doqquz bəbirin dünyaya gəlməsi Qafqaz regionu üçün əlamətdar hadisədir. Çünki bəbir Qafqazda nəsli kəsilmiş hesab olunurdu. Əvvəllər həmin heyvanlar İrandan gələr, az müddət qalar, ya qayıdıb gedər və ya digər ölkələrə keçərdilər. Onun əsas qidasını təşkil edən bezoar populyasiyası bərpa olunandan sonra bəbirlər Naxçıvanda qalmağa və bala verməyə başladı. Bundan başqa, vaşaq, ayı, qamışlıq pişiyi, çöl pişiyi, canavar, çaqqal, tülkü, daşlıq dələsi, porsuq digər yırtıcı məməlilərə rast gəlinir. Azərbaycan ərazisində ancaq Naxçıvanda qeydə alınan muflonların sayı 150-200 baş idi. Görülən tədbirlərdən sonra sayları bərpa olunaraq min başa qədər çatıb. Bezoar keçilərinin də sayı çox azalmışdı. Hazırda Naxçıvanda 2 min 500-ə qədər bezoar keçisi var”.