REGİONLAR
Zərdab şəhərində növbəti “Abad məhəllə” istifadəyə verilib VİDEO
Zərdab, 25 avqust, AZƏRTAC
Zərdab şəhərinin 51-ci məhəlləsində, Fərrux Eminov və Etibar Həsənov küçələrinin kəsişməsində ümumi sahəsi 0,25 hektar olan ərazidə salınan “Abad məhəllə”nin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, Milli Məclisin deputatı Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri “Abad məhəllə”də yerləşən şəhid Vüsal Həşimovun xatirəsinə tikilən bulağın önünə gəlib, qarşısına gül dəstələri düzüblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların Zərdab rayonunda da uğurla icra olunduğunu vurğulayıb.
İcra başçısı “Abad məhəllə”nin açılışı münasibətilə məhəllə sakinlərini təbrik edərək görülən işlər barədə məlumat verib. Bildirib ki, açılışına rayonda sayca ikinci olan “Abad məhəllə”nin tikintisinə 2022-ci ilin may ayında başlanılıb və qısa müddət ərzində tikinti-quraşdırma işləri keyfiyyətlə başa çatdırılıb. Baxımsız və yararsız vəziyyətdə olan 2500 kvadratmetr ərazidə qanunsuz tikililər və qurğular ləğv edilib. Əraziyə 300 kubmetr qum-çınqıl örtüyü verilib, 1300 kvadratmetr sahəyə tamet daş, 320 metr beton bardür düzülüb, diametri 8 metr olan aqlay daşı ilə üzlənən dairəvi formalı oturacaq inşa edilib. “Abad məhəllə”də müasir üslubda 2 söhbətgah, uşaq-əyləncə qurğusu, 8 oturacaq quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Habelə 300 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, avtomobillərin dayanması üçün meydança qurulub. Məhəllədə 2 ədəd yeraltı çirkab quyusu inşa edilib və kanalizasiya xətti yenidən qurulub. Əraziyə 200 kubmetr münbit torpaq daşınıb, 80 ədəd həmişəyaşıl ağac əkilib, 120 kvadratmetr yaşıllıq salınıb, 80 metr dekorativ metal çərçivə quraşdırılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva məhəllə sakinlərini təbrik edib, əhaliyə göstərilən dövlət qayğısından, regionların sosial-iqtisadi inkişafi ilə əlaqədar həyata keçirilən layihələrdən danışıb.
Çıxış edən məhəllə sakinləri görülən işlərə görə razılıqlarını bildiriblər.