Zərdabda abadlıq-quruculuq işləri aparılır
Zərdab, 28 mart, AZƏRTAC
Zərdab şəhərində bir neçə ay bundan əvvəl başlanan tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Səkilərə dekorativ tamet tavalar, beton bardürlər düzülüb. Yağış sularının axıdılması üçün beton kanalların tikintisi başa çatdırılıb. Sahəyə münbit torpaq daşınaraq yaşıllıq zolağı salınıb, müxtəlif növ şam ağacları və güllər əkilib. Heydər Əliyev parkında suvarma işləri üçün 650 metr uzunluğunda su xətti çəkilib, habelə 1200 metr su xətti təmir edilib.
Uzun illər təmirsiz qalan Həsən bəy Zərdabi parkında cari ilin yanvarından əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Parkın ərazisində fəvvarə kompleksinin, eni 6, hündürlüyü 3,5 metr olan giriş tağının, uşaq əyləncə mərkəzinin, Həsən bəy Zərdabinin abidəsinin əhatə etdiyi sahənin tikintisi yüksək keyfiyyətlə aparılır. Ərazidəki təmir işlərində mərmər plitə, dekorativ tamet və aqlay tavalardan istifadə olunur. Uşaq əyləncə mərkəzində əyləncə qurğularının quraşdırılması işləri yekunlaşmaq üzrədir. Sahəyə münbit torpaq daşınıb, müxtəlif növ şam ağacları əkilib. Bu işlər davam etdirilir. Hazırda parkın işıqlandırılması üçün yeraltı kabel xətlərinin quraşdırılması işləri aparılır.