CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Beyləqanda bir partlamamış tank mərmisi aşkar ediblər VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Beyləqan rayonunun Haramı düzü adlanan ərazisində əkin sahəsində bir partlamamış hərbi sursat - 125 millimetrlik tank mərmisi “OF-26” aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb və iki yüz kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, bu il yanvarın 1-dən 27-dək, ümumilikdə, agentlik tərəfindən Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan rayonları, Lənkəran və Gəncə şəhərlərində üç otlaq sahəsinə, bir əkin sahəsinə, bir hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib. Baxış zamanı 1514 partlamamış hərbi sursat, 33 tank əleyhinə və iki piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 17 min 450 kvadratmetr ərazi yoxlanılıb.