ANAMA-nın mütəxəssisləri Tərtərdə istirahət mərkəzində qrad raketinin qalıqlarını aşkar ediblər VİDEO
Bakı,31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Tərtər şəhərinin istirahət mərkəzi ərazisində bir partlamış qrad raketinin (9M22U) qalıqlarını aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb və üç min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, bu il yanvarın 1-dən 31-dək, ümumilikdə, agentlik tərəfindən Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan rayonlarında, Lənkəran, Gəncə və Tərtər şəhərlərində üç otlaq, bir əkin sahəsinə, bir hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə baxış keçirilib. Baxış zamanı 1514 partlamamış hərbi sursat, 33 tank əleyhinə və iki piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 20 min 450 kvadratmetr ərazi yoxlanılıb.