CƏMİYYƏT
Sumqayıtda 23 bağ evindən oğurluq edən şəxslər saxlanılıb VİDEO
Bakı, 12 iyun, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı, Corat və Qurd Dərəsi bağlar massivində fərdi evlərdən silsilə oğurluqlar edərək insanlara külli miqdarda ziyan vuran şəxslərin saxlanılması istiqamətində xüsusi əməliyyat keçirilib. Nəticədə həmin cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – Rüfət Abasəliyev və Tasim Dadaşov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dəstə üzvləri ilkin ifadələrində Sumqayıtda və ətraf ərazilərdə 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər. Onlar əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.
Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə edilən pulu aralarında böldüklərini bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin metal qəbulu məntəqələrinin sahibləri də müəyyən ediliblər. Onların obyektlərinə baxış zamanı oğurlanan əşyaların bir qismı aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.