Nazir müavini: Türk dünyasını qırğız torpağında qarşılamağa hazırıq VİDEO
Kastamonu, 21 dekabr, AZƏRTAC
Kastamonuda TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurası bir neçə mühüm tarixi qərar qəbul etdi. Onlardan biri də “Türk dünyasının mədəniyyət paytaxtı” estafetinin 2019-cu ildə Qırğızıstanın Oş şəhərinə keçməsidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin müavini Baktıbek Sakimov iclasın qəbul etdiyi qərarları şərh edərkən deyib.
Nazir müavini diqqətə çatdırıb ki, Oş şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu Türkiyənin qədim Kastamonu şəhərindən qəbul edir. Bu Qırğızıstan üçün sevindirici və məsuliyyətlidir. Türk dünyasını qırğız torpağında qarşılamağa hazırıq və hamını ölkəmizə dəvət edirik.
Qeyd edək ki, 2019-cu il üçün TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının koordinatorluğu Türkiyədən Qırğızıstana keçib. Daimi Şuranın qərarı ilə 2019-cu il, anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Kastamonu