Qubada üç yem emalı müəssisəsi fəaliyyətə başlayıb VİDEO
Quba, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 6-da Quba rayonunun Talabıqışlaq, Qəçrəş kəndləri və Zərdabi qəsəbəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində tikilən müəssisələrdə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub. Müəssisələrdə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.
Açılış mərasimində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyəti sədrinin müavini Elçin İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışıb.
E.İbrahimov qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Quba rayonunun Talabıqışlaq, Qəçrəş və Zərdabi kimi yaşayış məntəqələrində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Eylin Loules birgə əməkdaşlıqdan danışaraq, Qubada reallaşdırılan layihələrin regionun inkişafına töhfə verdiyini qeyd edib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.