DİN: karantin rejimini pozanlara qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15.00-dək müəyyən edilib, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin, toplantıların keçirilməsi qadağan olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı ictimai-iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 26-dan 27-dək olan müddətdə respublika üzrə epidemiya əleyhinə rejimi pozan 25, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə və “Whatsapp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 15 nəfərin şəxsiyyəti müəyyən edilərək ərazi polis orqanlarına dəvət olunub. Müvafiq araşdırmalardan sonra onlardan 7 nəfərinə xəbərdarlıq, 5 nəfərə cərimə tətbiq edilib, 3 nəfər barəsində inzibati həbs qərarı seçilib.
Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1590 avtomobil geri qaytarılıb ki, onlardan 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd göstərib.
Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə bir nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.
Məlumatda qeyd olunur ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını bir daha xahiş edirik.