Təmənnasız tibbi maskalar tikən dərzi Aynur Ağabalayevaya icra hakimiyyəti dəstək olub VİDEO
Xaçmaz, 2 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon İcra Hakimiyyəti koronavirus infeksiyasına qarşı mübarizədə örnək xidmət göstərən dərzi Aynur Ağabalayevanın fəaliyyətinə dəstək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qımılqışlaq kəndindən olan Aynur Ağabalayeva könüllü şəkildə insanlar üçün tibbi maskaların tikişi ilə məşğul olur. O, son zamanlar yaşanan maska çatışmazlığını nəzərə alaraq, üz maskaları tikərək, yerli əhali arasında paylayır.
Aprelin 2-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dərzi xanıma baş çəkərək, onun təşəbbüsünün hər kəs tərəfindən alqışlandığını diqqətə çatdırıb. İcra başçısı bildirib ki, bu həssas dönəmdə hər kəs vətəndaş mövqeyindən çıxış etməli və çox təhlükəli olan infeksiya ilə mübarizə məqsədilə evdə qalmalı, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidir.
Dərzi Aynur Ağabalayeva da öz növbəsində fəaliyyətinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib, bu addımın onun gələcək xidmətində həvəsləndirici rol oynayacağını söyləyib.
Dərzi xanıma icra başçısı tərəfindən pandemiya ilə mübarizədə göstərdiyi könüllülük fəaliyyətinə görə fəxri fərman, hədiyyələr və maska tikilməsində istifadə olunan parça və digər zəruri ləvazimatlar təqdim olunub.