REGİONLAR
14 kilometrlik Salyan-Biləsuvar avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 81-ci kilometrdə ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun yenidən qurulması işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yol II texniki dərəcəli olmaqla uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni 7,5 metr, torpaq yatağının eni 15 metrdir. Yolboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca karxana çınqılı materialından 16 santimetr qalınlıqda əsasın alt layı, 15 santimetr qalınlıqda optimal çınqıl qarışığından isə əsasın üst layı inşa edilib. Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 90 min kubmetr çınqıl və optimal-çınqıl qarışığı sərf edilib. Hazırda yolboyu iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Yolboyu 2 nöqtədə avtobus dayanacağı, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 kilometr uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlanma xətləri çəkiləcək.