REGİONLAR
Koronavirusa yoluxmuş Quba sakini Xaçmazda saxlanılıb VİDEO
Quba, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Quba rayon sakini Orxan Mikayılov olduğu müəyyən edilib.
Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də qaydaları pozaraq Xaçmaz rayonuna gəlmək istəyib.
Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və Orxan Mikayılov təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.