REGİONLAR
Samuxda kanallar lildən təmizlənir, beton üzlüyə alınır, yeni subartezian quyuları qazılır VİDEO
Samux, 22 dekabr, AZƏRTAC
Samuxda torpaqların səmərəli suvarılması üçün təsərrüfatlararası və təsərrüfatdaxili kanllarda təmizləmə və beton üzlüyə alınma işləri davam etdirilir. Rayonun 27856 hektar suvarılan torpaqlarına Samux Suvarma Sistemləri İdarəsinin balansda olan 658 kvadratmetr təsərrüfatdaxili, 65,5 kilometr təsərrüfatlararası kanallar vasitəsi ilə suvarma suyu verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq ümumi uzunluğu 65,5 kilometr olan Allahdad, Xanarx, Dinaraj, Qarasaqqal,Qarabağlı, Salahlı, Yusifli kanallarında 312 min kubmetr lildən təmizləmə işləri aparılıb. Həmçinin rayon, kənd və qəsəbələrdə də tərtib edilmiş qrafikə uyğun olaraq təsərrüfatdaxili kanallarda 154 min kubmetr lildən təmizləmə işləri görülüb. Hazırda bu işlər davam etdirilir.
Maşın-mexanizmlər vasitəsi ilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı aparılan tədbirlərlə yanaşı, kanalların beton üzlüyə alınması da davam etdirilir. Artıq əsaslı təmir işləri aparılan Drenaj kanalının 1,1 kilometr hissəsi beton üzlüyə alınıb, işlər tamamlanmaq üzrədir.
Suvarma suyunun yaxşılaşdırılması üçün cari ildə 24 hidrotexniki qurğu, 19 hidropost təmir edilib. Kanallarda və çaylarda 88 min kubmetr sahilbərkitmə və selə qarşı torpaq işləri görülüb. Payızlıq əkinə başlayan fermerlərə məxsus 7790 hektar taxıl, 710 hektar xəsil, 800 hektar yonca sahəsinin suvarılması demək olar ki, başa çatıb.
Prezidentin Sərəncamı ilə əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün 5 subartezian quyusundan 3-ü təmir olunub və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin 6 yeni subartezian quyusunun qazılması da planlaşdırılır. Qarayeri qəsəbəsi, Hacallı, Çobanabdallı, Aşağı Ağasıbəyli, Qovlarsarı kəndlərində və Samux şəhərində istifadəyə veriləcək yeni subartezian quyuları 250 hektara yaxın əkin sahəsini suvarma suyunu təmin edəcək.
Qeyd edək ki, rayonun əsas su mənbələri, Kür, Gəncəçay, Qoşqar, Qavırlı çayları və Şəmkir maşın su kanalıdır. Suvarılan sahələrin 10450 hektarı taxıl, 6000 hektara yaxını yonca, 2500 hektarı günəbaxan, 3200 hektardan çoxu həyətyanı sahələr, 4000 hektara yaxını bağçılıq və meyvə tərəvəz, 50 hektarı pambıq, 30 hektarı çuğundur və 1300 hektardan çoxu isə bostan-tərəvəz sahələridir.