Qubada keçirilən əmək yarmarkasında 200-dən çox iş yeri təqdim olunub VİDEO
Quba, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Qubada keçirilən əmək yarmarkasında işaxtaranlara 200-dən çox vakant iş yeri təklif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar və Xaçmaz sakinləri üçün təşkil olunan aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 24 müəssisədə vakant iş yerləri təqdim edilib.
Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
9 saylı Ərazi Məşğulluq Filialının direktoru Cəfər Cəfərov bildirib ki, əmək yarmarkasında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur, həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumatlar verilib. Əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.