İmişli şəhərinin 70 faizində qaz verilişi bərpa olunub – qəzanın nəticələri aradan qaldırılır VİDEO
İmişli, 24 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli şəhərində qəza zamanı sıradan çıxan qaz xəttinin bərpası üçün işlər davam etdirilir. Axşam saatlarında şəhərin 70 faizində qaz verilişi bərpa olunub. Günün sonuna kimi işlərin tam yekunlaşması və digər ərazilərin də qazla təmin olunması gözlənilir.
Salyan Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Nemət Haqverdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəza zamanı qaz kəməri və qurğular sıradan çıxdığı üçün şəhərin mərkəzində 11 minə yaxın əhalinin qaz təminatı dayanmışdı: “Qəzanın aradan qaldırılması üçün operativ şəkildə müvafiq işlər görülüb. Nəticədə bu gün saat 17 radələrində alternativ xətt vasitəsi ilə 70 faiz ərazi qazla təmin olundu. Hazırda yer üstündən keçən xəttin tam bərpası üçün işlər davam edir. Günün sonunadək şəhərin qazla tam təmin olunması üçün tədbirlər davam etdirilir”.
Qeyd edək ki, ötən gün saat 21 radələrində İmişli şəhərində yük maşını daşıyıcı qaz xəttinə çırpılıb. Nəticədə İmişli şəhərinin qaz təminatı kəsilmişdi.