REGİONLAR
Cənubi Muğan Kanalı İstismarı İdarəsi növbəti suvarma mövsümünə hazırlaşır VİDEO

Biləsuvar, 29 dekabr, AZƏRTAC
Cari ildə Təzə Cənubi Muğan, Köhnə Cənubi Muğan və Maşın qolu kanallarında, ümumilikdə, 244,7 min kubmetr lildən təmizlənmə işləri aparılıb.
Cənubi Muğan Kanalı İstismarı İdarəsindən AZƏRTAC-a bildirilib ki, kanallar üzərindəki hidrotexniki qurğular, həmçinin Maşın qolu kanalı və istismar yolları da təmir olunub. Bundan başqa, Cənubi Muğan kanalı İstismarı İdarəsinin balansında olan nasos stansiyalar da təmir olunaraq yenidən istismara verilib.
Qeyd edək ki, Cənubi Muğan Kanalı İstismarı İdarəsi Biləsuvar, Cəlilabad, İmişli və Cəbrayıl rayonlarının 80289 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. İdarənin balansında 136 kilometr uzunluğunda magistral kanallar var. Bunun 46 kilometri beton üzlüklü, 90 kilometri isə torpaq məcrarlı kanaldır. Magistral kanallar üzərində isə 162 texniki qurğu mövcuddur. Onlardan 36-sı körpü, 38-i hidropost, 24-ü səviyyəqaldırıcı qurğu, 62-si suburaxıcı qurğulardır. Növbəti suvarma mövsümünə hazırlıq işləri çərçivəsində adıçəkilən qurğular təmir olunub.