REGİONLAR
Biləsuvarda torpaqların analizi məhsuldarlığı artırıb VİDEO
Biləsuvar, 29 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Torpaqların aqrokimyəvi analizi bol məhsulun təməlidir. Biləsuvarda da bu yeniliklərin tətbiqi ilə fermerlər son iki ildə yüksək nəticələr əldə ediblər. 2021-ci ildə torpağın laborator analizləri üçün olunan müraciətlərin sayı ötən illə müqayisədə 10 dəfəyədək artıb.
AZƏRTAC xəbər verir ki, əsas məşğuliyyəti əkinçilik olan Biləsuvar rayonunda 62 min hektar kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli yararlanmaq üçün vacib tədbirlər həyata keçirilir. 2021-ci ildən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunub. Bu günədək 5 və 10 hektardan artıq sahəsi olan 800-ə yaxın fermer ümumilikdə 19 min hektardan çox əkin sahəsinin analizi ilə bağlı laboratoriyaya 3604 nümunə təqdim edib.
Fermer Elməddin Abbasov: “İcarəyə götürdüyüm torpaqlar müxtəlif yerlərdə olduğuna görə hər il mən onların analizini verirəm. Öyrənmək istəyirəm ki, bizə hansı gübrələr, ammofoslardan istifadə etmək lazımdır. Əvvəlki illərdə torpaqların analizini vermirdik, məhsuldarlıq aşağı olurdu. Ötən ildən biz analizin faydasını görürük. 20 sentner məhsuldarlığımız oldu. Bu ildə yüksək məhsuldarlıq əldə etmək üçün təzə torpaq sahələrimizin analizini etdirirəm”.
Mütəxəssislərin sözlərinə görə, torpaq nümunələrinin elmi metodlara uyğun düzgün götürülməsi də əsas qida maddələrinin təyin olunmasında vacib şərtlərdəndir.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin baş aqrokimyaçısı Əliqulu Hüseynov: “Aqrokimyəvi analizin aparılması bol məhsulun əsasını qoyur. Ötən il Aqrar Xidmətlər Agentliyinin təşəbbüsü ilə 10 hektar və ondan daha çox əkini olan fermerlərin torpaq sahələrinin aqrokimyəvi analizlərini apardıq. Bu təxmini 17 min hektar ərazini təşkil etdi. Yay mövsümündə, taxıl biçinində həmin fermerlər bizdən razılıq etdilər. Onların analizdən sonra nəticələri ürəkaçan oldu. Bəzi fermerlər 35-40, hətta 50 sentner məhsul götürdülər. Əvvəlki illərdə amma belə məhsuldarlıqları olmamışdı”.
Əkinçi Şaiq Rəsulov: “Əvvəl çox çətinlik çəkirdim. İndi hər şeyimiz var. Analiz etdirib, torpağın bəhrəsini görürük. Altı hektar torpaq sahəmiz var. Yenə mütəxəssisləri çağırmışam. Gəlsinlər sahədən analizləri götürsünlər. Hansı bitkiyə qarşı nəyi vermək lazımdır. Bunları bilim, mən də o cür qulluq edim. Allah dövlətimizdən razı olsun”.
Qeyd edək ki, torpaq analizlərinin nəticələri payızlıq əkinlərin bəyanı ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilir. Məlumatlar sistemə daxil edildikdən sonra əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.