2010-cu il Azərbaycan diasporu üçün uğurlu olmuşdur
Bakı, 30 dekabr (AZƏRTAC). Dekabrın 30-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Komitəsinin kollektivi və xarici ölkələrdə fəaliyyət göstərən bəzi diaspor təşkilatlarının rəhbərləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər.
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.
Nazim İbrahimov jurnalistlərə müsahibəsində demişdir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək hər bir azərbaycanlının borcudur. Ümummilli liderimiz həmişə azərbaycanlı olması ilə fəxr etdiyini bildirmişdir. İndi hər bir azərbaycanlı da bununla fəxr edir.
Dövlət Komitəsinin sədri sayı 370-i keçən Azərbaycan diaspor təşkilatlarının yeni iş metodlarına keçdiyini, Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində fəaliyyət göstərdiklərini vurğulamışdır. O bildirmişdir ki, artıq Ermənistanla və erməni diasporu ilə informasiya müharibəsində qalib gəlməyə başlamışıq. Bu uğurların qazanılmasında diaspor qurumlarının da rolu vardır. Diasporumuz yeni və daha keyfiyyətli iş mərhələsinə keçmişdir.
Azərbaycanın dərdini daha dərindən bilən adamlar da diaspor işində fəal iştirak etməyə başlamışlar. Bu da işin keyfiyyətini yüksəldir və indi diaspor təşkilatları dünyada Azərbaycan həqiqətlərini daha yaxşı ortaya qoya bilirlər.
N.İbrahimov onu da bildirmişdir ki, 2010-cu il Azərbaycan diasporu üçün uğurlu il olmuşdur. Gələn il də diasporumuz üçün çox mühüm və uğurlu illərdən biri olacaqdır.